12.12.2024
Dekabrın 12-də Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Vətənimdir Azərbaycan “adlı rəsm müsabiqəsinin yekun, mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə ziyalılar, mədəniyyət işçiləri, şagirdlər və valideynlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qalereyanın direktor əvəzi Təhmasib Məcidov Heydər Əliyevin anım gününə həsr edilən , 11-18 yaş uşaqlar arasında keçirilən Rəsm müsabiqəsinin əsas məqsədindən danışaraq qeyd edib ki, Heydər Əliyevin milli şüur - vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Bu bütövlüyü biz bu gün uşaqların müsabiqəyə təqdim etdikləri rəsm əsərlərində görürük.
Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Ruslan İbrahimov, Lənkəran- Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov, Masallı Tarix-Diyarşünaslıq Muzeyin direktoru Əntiqə Tağıyeva və Onbirillik İncəsənət Məktəbinin müəllimi Ehtiram Məmmədov sərgidə iştirak edən hər bir şagirdi təbrik edərək uşaqların mənəvi-estetik zövqünün formalaşması, dünya görüşlərinin artmasında və istedadlı uşaqların üzə çıxarılmasında belə tədbirlərin vacibliyini xüsusi vurğulayıblar.
Daha sonra müsabiqədə I,II,III,IV yer qazanan uşaqlar “Diplom” fərqlənənlər isə “Təşəkkürnamə” ilə mükafatlandırılıb.