Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lerikdə ”Milli kimliyin sütunu: Azərbaycan Dili və Əlifbası – tarixdən gələcəyə” mövzusunda dəyirmi masa keçirilib

01.08.2025

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Lerik Rayon Heydər Əliyev Mərkəzində “Milli kimliyin sütunu: Azərbaycan Dili və Əlifbası – tarixdən gələcəyə” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə rayonun  mədəniyyət  işçiləri, gənclər və mərkəzin fəal dərnək üzvləri iştirak ediblər. Dəyirmi masa çərçivəsində Azərbaycan dilinin tarixi inkişaf yolu, əlifba islahatları, dövlət dilinin hüquqi statusu və Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi mühüm siyasət ətraflı müzakirə olunub.

Çıxış edənlər qeyd ediblər ki, ana dilimiz xalqımızın milli-mənəvi dəyərlər sisteminin əsasını təşkil edir və onun qorunması hər bir vətəndaşın borcudur. Dilimizin dövlət dili kimi möhkəmləndirilməsi, latın qrafikalı əlifbaya keçid və bu sahədə ardıcıl islahatlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Tədbirdə Lerik Rayon Heydər Əliyev Mərkəzinin dərnək üzvlərindən Sübhan Seyfullazadə Xəlil Rza Ulutürkün " Ana dilim"  şeirini səsləndirmiş, Yaqut Quluzadə isə “Azərbaycan Dili: Gəncliyin nəfəsi ” mövzusunda mühazirə ilə çıxış etmişdir.

Sonda şagirdlər çıxışlarına və fəallıqlarına görə  Təşəkkürnamə ilə təltif ediliblər.