
07.05.2026
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tanınmış ədib Ələşrəf Niftiyevin yeni çapdan çıxmış “Ömür səhifələrindən hekayətlər” kitabının təqdimatı keçirilib. Tədbirdə rayon ziyalıları, eləcə də Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Masallı rayon Mərkəzi Kitabxananın direktoru Zamin Məmmədov qonaqları salamlayaraq, Ələşrəf Niftiyevin yaradıcılığının Masallı ədəbi mühitindəki əhəmiyyətindən danışıb. O bildirib ki, müəllifin yeni kitabı xüsusilə gənc nəslin mənəvi-əxlaqi dəyərlər ruhunda formalaşmasına töhfə verən dəyərli nəşrlərdən biridir. Daha sonra yazıçı-publisist Xodaşirin Cəbiyev, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Əməkdar jurnalist və yazar Zakir Abbas, “Yeni Həyat” qəzetinin redaktoru Əlihüseyn Şükürov və digər çıxış edənlər müəllifin kitabında dünyada baş verən hadisələrin bədii və publisistik dillə oxuculara çatdırıldığını vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, rəvan və səlis üslubda qələmə alınan kitab gələcək nəsillər üçün dəyərli mənəvi irs olacaq. Sonda çıxış edən müəllif Ə. Niftiyev tədbir iştirakçılarına təşəkkürünü bildirib, kitabın ərsəyə gəlməsi prosesi barədə qısa məlumat verib. Daha sonra oxucuların ünvanladıqları suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Tədbir müəllifin kitablarından ibarət zəngin sərginin təqdimatı və maraqlı müzakirələrlə başa çatıb.