18.07.2024
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin anadan olmasının 315 illiyi ilə əlaqədar növbəti tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Həbibə Hüseynova bildirib ki, Azərbaycan şairi Molla Vəli Vidadi Qazax rayonun Birinci Şıxlı kəndində anadan olmuş,Şəmkirdə, Qazaxda təhsil almış, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Bir müddət Şıxlı kəndində müəllimlik etmiş, bədii yaradıcılıqla məşğul olmuşdur.
Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, Vidadi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmuş,canlı xalq dilində gözəl qoşmalar, qəzəllər, bayatılar, gəraylılar, müxəmməslər yazmışdır.
Molla Vəli Vidadi zəmanəsinin sayılıb-seçilən şairi kimi şöhrət qazanmış, saraylara dəvət olunmuşdur.O, bir müddət Gürcüstanda II İraklinin sarayında yaşamış, İraklinin oğlu levanın ölümü münasibətilə mərsiyə yazmışdır.Şair sultanlara, xanlara xidmət etməyi özünə sıxışdırmadığından,1781-ci ildə sarayı tərk edərək Qazaxa gəlmiş və ömrünün sonunadək orada yaşamışdır.Qeyd olunub ki, Vidadi yaradıcılığı, dünyagörüşü Azərbaycan şifahi və yazılı ədəbiyyatı əsasında təşəkkül tapmışdır.Onun Vaqiflə “Deyişmə”si də bunu göstərir. Şairin yaradıcılığında vətənə, torpağa, insanlara məhəbbət çox güclüdür. Vidadi dostu Şəki xanı Hüseyn xan Müştaqın öldürülməsi münasibətilə yazdığı “Müsibətnamə” poemasında mənsəb, şöhrət düşkünlərinə, nahaq qan tökənlərə lənət yağdırmışdır.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, şairin şeirləri bir çox Şərq, rus və digər xalqların dillərinə tərcümə edilmişdir.Alimlər, ədəbiyyatşünaslar F.Köçərli,H.Araslı,A.Dadaşzadə, Məmməd Arif şairin həyat və yaradıcılığına aid əsərlər, məqalələr yazmış,dərc etdirmişlər.