22.07.2024
Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 22 iyul-Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim,publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində mühüm rol oynayıb.
Sonra muzeyin kiçik elmi işçisi Dilguşə Məmmədova milli mətbuatın yaranma tarixi və inkişaf yolundan söhbət açaraq vurğulayıb ki, mətbuat özlüyündə cəmiyyətin aynası,ictimai şüurun, mənəviyyatın inikası kimi vacib missiya həyat keçirir.Bu baxımdan Azərbaycan milli mətbuatı tarixi ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı,fəal təblıiğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.Həsən bəy Zərdabinin fəaliyyəti bu baxımdan böyük örnəkdir. O, çıxışında qeyd edib ki, Zərdabi 1873-cü ildə peşəkar milli teatrımızın yaranmasında, ilk teatr tamaşasının hazırlanmasında yaxından iştirak etmişdir.O,çıxışında mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillərlə təmin olunması faktlarının hökümətin mətbuata həssas yanaşması və qayğısının ifadəsi olduğunu söyləyib.
Tədbirin yekununda kitabxananın əməkdaşı Aidə Quliyeva milli mətbuatın hazırkı durumu və bu sahənin inkişafı ilə bağlı dövlətin gördüyü işlərdən bəhs edən məruzə ilə çıxış edib.O, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki,Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox milli –mənəvi dəyərlərə qayıdış mətbuat sektorunda da özünü qabarıq şəkildə göstərdi.Bu gün ölkədə yüzlərlə qəzet və jurnal nəşr olunur.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb.Fondun yaradılmasında məqsəd ölkəmizdə fikir, söz və mətbuat azadlığı şəraitini yaxşılaşdırmaqdır.
Tədbir çərçivəsində kitabxanada və muzeydə yerli mətbuat tarixini əks etdirən qəzet və kitablardan ibarət sərgi təşkil olunub.