02.08.2024
Masallı rayonunda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeninə layiq görülən şəhid Nurlan Fərrux oğlu Əbilovun mövlud günü qeyd olunub.
Şərəfə kəndində şədihlərin xatirəsinə ucaldılmış “Şəhidlər and yerimiz” adlı abidə kompleksinin önündə keçirilən tədbirdə Şərəfə kənd floklor evinin, ərazi nümayənəliyinin, tibb məntəqəsinin, məktəbin, uşaq bağçasının əməkdaşları, balaca fidanlar, kənd ictimaiyyəti iştirak edib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, uşaqların vətənpərvərliyə və Qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilib.
Qeyd edək ki, Nurlan Əbilov 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib, diplomu müharibə zamanı ailəsinə çatdırılıb. Ailəli idi, 5 yaşlı və 3 yaşlı iki oğlu yadigar qalıb.
Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həlak olub. Nəşi Masallı rayonunun Şərəfə kəndində torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.