15.11.2024
Noyabrın 15-də Masallı rayon Mərkəzi Kitabxanasında Milli Dirçəliş Günü ilə əlaqədar “17 noyabr Milli Dirçəliş Günüdür” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığını bildirib. O, vurğulayıb ki,1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzəsində qeyd edib ki, hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ilk sessiyasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Xalq Cümhuriyyəti dövründə mövcud olmuş Azərbaycanın üçrəngli bayrağının bərpası haqqında qərar qəbul olundu. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.