18.11.2024
Noyabrın 18-də Masallı rayon Mərkəzi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası – 100” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, qədim Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Qeyd olunub ki, Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır.
Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, Ermənistanın işğal cəhdlərinin qarşısında tab gətirən Naxçıvan eyni zamanda ağır blokada şəraitində öz müqavimət gücünü qoruyub saxlamışdır. Azərbaycan müstəqillik hərəkatında da Naxçıvan əhalisi fəal iştirak etmiş, 44 günlük Vətən müharibəsində şanlı bölgəmizin yüzlərlə övladları misilsiz şücaət göstərmişlər. Elm, təhsil və mədəniyyət sahəsində böyük simalar yetişdirən Naxçıvan torpağı Azərbaycan xalqına Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət və dövlət xadimi bəxş etmişdir. Ümumilli lider hakimiyyətə gəldiyi vaxtlardan daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində fəal iştirak edir.