Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərə aparan yol

15.01.2025

Yanvarın 15-də Masallı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzi,Masallı rayon Tarix-diyarşünaslıq muzeyi,Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı nümayəndəliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə “Zəfərə aparan yol” mövzusunda dəyirmi-masa keçirilib.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin üzvləri, Masallı rayon Tarix-diyarşünaslıq Muzeyi, Masallı rayon Gənclər və İdman İdarəsi, Masallı Gənclər Evi “Sosial Xidmət Müəssisəsi”, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələri ilə yanaşı, rayonun fəal gəncləri də iştirak ediblər.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin əziz ruhunu, 20 Yanvar şəhidlərini və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. D. İbayeva tədbirin mahiyyəti ilə bağlı məlumat verərək bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar.

Sonra söz Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusova verilib. “1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır”-deyə S.Yunusov bildirib.

Daha sonra Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva,Masallı Dövlət Regional Kollecin tələbəsi Zəhra Abbaslı çıxış edərək 20 Yanvar qırğınından ötən 35 ildə şəhidlərimizin əbədiyaşarlığı istiqamətində görülmüş işlərdən, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən, zaman-zaman başımıza gətirilən faciələrdən danışıblar.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il yad olunur, Şəhidlər xiyabanı ziyarət edilir.