Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Həzi Aslanovun 115 -ci ildönümü qeyd olunub

21.01.2025

Yanvarın 21-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 -ci ildönümü ilə əlaqədar olaraq “İkinci Dünya müharibəsinin Dəmir Pələngi-Həzi Aslanov" mövzusunda tədbir keçirilib.

Kitabxanada keçirilən tədbirdə mədəniyyət işçiləri iştirak edib.

İlk öncə Həzi Aslanov, İkinci Dünya Müharibəsi və vətənin müstəqilliyi, suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kitabxananın direktor əvəzi Zamin Məmmədov İkinci Dünya müharibəsi və Azərbaycanın igid oğullarının bu dəhşətli müharibədə göstərdikləri qəhrəmanlıq səhifəsini varaqlayaraq Azərbaycanın istər ön cəbhədə döyüş meydanlarında, istər arxa cəbhədə əmək şücaəti nəticəsində faşizm üzərində qələbəyə mühüm töhfə verməsindən danışıb.

Sonra çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva Sovet dövrü hərb tarixində müstəsna yeri olan , xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən ideal bir sərkərdənin şəxsiyyətinə və qəhrəmanlığına Ulu Öndər Heydər Əliyevin verdiyi yüksək qiymətdən danışaraq yüzlərlə azərbaycanlı gəncin öz gələcək taleyini Vətənə xidmət peşəsinə - hərbi peşəyə bağlamasının əsas səbəbkarı məhz Həzi Aslanov olmasını xüsusi qeyd edib.

Daha sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova “Dəmir Pələng” ləqəbli qəhrəman, Vətən oğlu Həzi Aslanov haqqında geniş məruzə edərək bildirib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər ərazilərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov əbədi olaraq tarixdə qəhrəmanlıq simvoluna çevrilib.