Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəlimxan Yaqub-75

21.01.2025

Yanvarın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 iliyi münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, bu gün sərraf söz ustadı, mənəvi dəyərlərin, türkçülüyün tərənnümçüsü kimi tanınan Zəlimxan Yaqubun 75-ci doğum günü qeyd olunur. Vətənə və dövlətçiliyə sadiq keyfiyyətləri ilə seçilən şair daim xalqı ilə nəfəs alır, millətin böyüklüyünə inanırdı.

Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva məruzəsində vurğulayıb ki,çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir.Qeyd olunub ki, zəngin söz ehtiyatı və axıcı üslubu ilə oxucuların qəlbinə yol atan, insanların daxili aləminə sirayət etməyi bacaran Zəlimxan Yaqubun şeirləri indi də kütləvi tədbirlərin, xüsusilə el şənliklərinin bəzəyinə çevrilib.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, şair Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərinə, millət vəkili kimi geniş ictimai fəaliyyətinə görə Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. Azərbaycanın “Xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub 60 illik yubileyi ərəfəsində Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib. Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.