28.01.2025
Yanvarın 28-də Masallı Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, və Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi zamanı canından keçən şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə “Şəhidlər vətənin zəfər rəmzidir” layihəsi çərçivəsində anım tədbir keçirilib.
Yanvar ayı ərzində şəhidliyə ucalan qəhrəman oğulların yad edilərək tanıdılması məqsədilə keçirilən maarifləndirici tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, media və mədəniyyət işçiləri, Kollecin müəllimi və tələbələri iştirak edib.
İlk öncə Vətənin azadlığı , suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva tədbiri giriş sözü ilə açaraq 30 il ərzində qəhrəman Azərbaycan övladlarının keçdiyi döyüş yolundan, bu müddətdə verdiyimiz itkilər və qələbədən geniş danışaraq yanvar ayı ərzində şəhid olmuş 28 şəhidin həyat salnaməsini vərəqləyib.
Sonra çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, Yeni Həyat qəzetinin əməkdaşı Akif Ağayev və Masallı Dövlət Regional Kollecinin müəllimi Lətafət Ağakişiyeva rəşadətli Azərbaycan Ordusunda döyüşən mərd oğullarımızın göstərdikləri igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıblar.
Daha sonra çıxış edən şəhid ailələrinin təmsilçiləri göstərilən doğma münasibətə, şəhid ailələri və qazilərin sosial həyatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.