24.01.2025
Yanvarın 24-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, GKİM-in Lənkəran-Astara regional nümayəndəliyinin və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə "Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında","Kimlər gəldi, kimlər getdi" layihəsi çərçivəsində tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Təvəkkül Əliyevin əziz xatirəsinə həsr olunub.
Xatirə gecəsində sənət dünyasının nümayəndələri, ziyalılar, gənclər, sənətkarın yaxınları və şəhər sakinləri iştirak ediblər.
İlk olaraq qonaqlar mərkəzin foyesində Təvəkkül Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq mərhum sənətkarın zəngin yaradıcılığı haqqında fikirlərini bölüşüb. Daha sonra Mərkəzin rəsm studiyasında kətan üzərində yağlı boyalarla çəkilmiş portreti sənətkarın həyat yoldaşı, Azərbaycan Respublikasının Xalq artisti və Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü Böyükxanım Əliyevaya təqdim edib.
Çıxışlarda Təvəkkül Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə verdiyi dəyərli töhfələrdən bəhs ediblər.
Yekunda sənətkarın ailə üzvləri çıxış edərək, onun həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər.