Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dövlətin suverenliyi və konstitusiyanin aliliyi prinsipi

23.01.2025

Yanvarın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Ombudsmanın Cənub Regional Mərkəzi, Masallı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin birgə təşkilatçılığı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Dövlətin suverenliyi və konstitusiyanin aliliyi prinsipi” mövzusunda tədbir keçirilib.

Ombudsmanın Cənub Regional Mərkəzində keçirilən tədbirdə idarə, müəsissə rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda bildirilib ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.

Daha sonra Konstitusiya və suverenlik anlayışı və onun sosial-hüquqi mahiyyəti, Konstitusiyanın funksiyaları,Konstitusiyanın hüquqi qüvvəsi, Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyasının yaradılması, referendum yolu ilə Konstitusiyamızın qəbul olunması, qüvvəyə minməsi, Konstitusiyanın preambulasının izahı, maddələri, keçid müddəalar, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, İnsan və vətəndaş hüquqları və azadlıqlarının əsas prinsipləri və digər mühüm müddəalar barədə məlumat verilib.