31.01.2025
Yanvarın 31-də Lerik rayon Mədəniyyət Mərkəzi və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı, Lerik rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzində “Gənclərimizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycan Respublikası gənclərinin I formunda Lerik rayonunu təmsil edəcək nümayəndə heyəti üzvləri ilə gənclərin görüşü keçirilib.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə çıxış edənlər gəncləri 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, günün mahiyyəti haqqında məlumat veriblər.
Görüşdə Azərbaycan Respublikası gənclərinin I forumunda Lerik rayonunu təmsil edəcək nümayəndə heyəti üzvləri Elman Rəcəbov və İlham Zülfiyev çıxış edərək Azərbaycan Respublikası gənclərinin I forumunda iştirakları, Ulu öndər Heydər Əliyevlə görüşü haqqında və yaşadıqları təcrübələri gənclərlə bölüşüblər.
Sonda gənclər onları maraqlandıran sualları qonaqlara ünvanlayıblar.