Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən boyda Murad eşqi

07.02.2025

Fevralın 7-də Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Murad Nefesovun 24-cü doğum günü münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan öncə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan Murad Nefesovun timsalında Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin xalqımız tərəfindən uca tutulduğunu bildirib.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində şəhid Murad Nefesovun şərəfli həyatı və döyüş yolu haqqında məlumat verib, döyüşlərdə göstərdiyi şücaətindən söz açıb. O, çıxışında vurğulayıb ki, Azərbaycan Ordusunun əsgəri olan Murad Nefesov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlmişdir.

Qeyd olunub ki, Murad Nefesov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.