07.02.2025
Fevralın 7-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı şəhər 1 saylı tam orta məktəbin şagirdləri və oxucuların iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğun günü ilə əlaqədar “Qəhrəmanlar unudulmur” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Mübariz İbrahimovun və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra kitabxananın şöbə müdiri Eldəniz Heydərov iştirakçıları salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat verib.
Daha sonra kitabxananın şöbə müdiri Vasif Abdulov Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və döyüş yolu haqqında geniş məruzə edərək qeyd edib ki, 2010-cu il iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir, təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir, qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, "Qızıl Ulduz" medalı, "Vətən övladı" qızıl ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycanda ilin adamı mükafatına layiq görülüb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.