06.02.2025
Fevralın 6-da Masallı rayon Mərkəzi Kitabxanasında Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda həlak olan qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Vətən uğrunda mübarizə aparıb, haqq yolundan dönməyib, ölümləri ilə yurdumuzu müqəddəs məkana çevirən şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimizdir. Qeyd olunub ki, ölümün gözünə dik baxıb, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan qəhrəman oğullarımız hər zaman düşmənə sübut ediblər ki, Vətən torpağının bir qarışı belə onlara verilə bilməz. Belə oğullarımızdan biri də Naxçıvan torpağının yetirməsi Mirəsgər Seyidovdur.
Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində şəhid qərəmanımız haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Naxçıvanın sərhəd kəndlərinə hücum edən düşmənlə mübarizə aparmaq üçün bu yurdun qeyrətli oğulları sinələrini sipər edib, ermənilərin bir addım belə irəli gəlməsinə göz yummadılar. Həmin igidlər sırasında Mirəsgər Seyidov da var idi. Döyüşlərə könüllü qatılan Mirəsgər döyüşün ən çətin anlarında belə silahdaşlarının köməyinə çatıb, düşmənə ağır zərbələr vururdu. 1992-ci il iyun ayının 14-də Mirəsgər Seyidov sonuncu döyüşdə mühasirəyə düşən yoldaşlarını xilas etməyə çalışarkən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Vətənin igid oğlu Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidmətlər göstərib, vətəndaşlıq borcunu yerinə yetirən Mirəsgər Seyidov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Qəhrəmanımızın adı əbədiləşdirilərək oxuduğu Naxçıvan şəhər 15 saylı tam orta məktəbə verilib. 2016-ci il dekabrın 16-da İctimai televiziya Milli Qəhrəman Mirəsgər Seyidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkib.