Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əliağa Vahid-130

17.02.2025

 Masallı rayon Mərkəzi Kitabxanada görkəmli qəzəl ustadı, Əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 130 illiyi ilə əlaqədar “Əliağa Vahid-130” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva şairin həyat və yaradıcılığı haqqında danışaraq Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin qələmə aldığı əsərlərin maraqlı və özünəxas cəhətlərə malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Gülər Kərimova Əliağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyinin, özünəməxsusluğunun əsas yer tutduğundan söz açıb. Vurğulanıb ki, dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əliağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu.