Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan gəncliyi

17.02.2025

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib

Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Lənkəranda yerləşən abidəsi ziyarət olunub.

Forumda ölkəmizdə gənclər siyasətinin əsas prinsipləri, gənclərin inkişafı üçün qəbul edilən qərarlar və Heydər Əliyevin irsinin yeni nəslə aşılanması məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən spikerlər – Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Mühəndislik Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov gənclərin elmi, mədəni və idman sahələrində inkişafına yönəlmiş dövlət siyasətinin əhəmiyyətindən danışıblar. Onlar, həmçinin, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin formalaşdırılmasında oynadığı mühüm rolu vurğulayaraq, bu siyasətin ölkə gənclərinin inkişafına verdiyi töhfələrə toxunublar.

Forumun moderatoru, Gənclər Fondunun tabeliyində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov, gənclərin bu kimi tədbirlər vasitəsilə bilik və təcrübə qazanmalarının vacibliyini qeyd edib.

Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi birgə təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Forumda iştirak edən gənclər Heydər Əliyev irsi, onun ölkədə gənclər siyasətinin təməl prinsiplərini müəyyənləşdirməsi, eləcə də onların inkişafı üçün qəbul edilən qərarlar və qanunlar barədə məlumatlandırılıb.