20.02.2025
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatının birgə əməkdaşlığı ilə muzeydə Xocalı soyqırımının 33-cu il dönümünə həsr edilən “Xocalı soyqırımı -Qan yaddaşımız” adlı tədbir keçirilib.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri, YAP-nın fəal üzvləri iştirak edib.
İlk olaraq Xocalı soyqırımı qurbanlarının habelə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Xocalı faciəsi və onun baş vermə səbəbləri haqqında məlumat verib.
YAP Masallı Rayon təşkilatının məsləhətçisi Eldar Kazımov məruzə edərək Xocalı soyqırımı qurbanlarının qisasının alındığını söyləyib. O qeyd edib ki, murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu. Qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Lakin Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi.
Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, YAP-nın fəal üzvləri Humay Əliyeva, Arzu Hüseynova və Afaq Kazımova Xocalı soyqırımı, Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri, soyqırımla bağlı həqiqətlər və qəddar erməni separatçılarının törətdikləri cinayətdən danışaraq bu soyqırımın tanınması üçün geniş miqyasda təbliğ , maarifləndirmə işlərinin vacibliyini xüsusi qeyd ediblər.
Yekunda iştirakçılar muzeydə soyqırım qurbanlarının xatirəsinə həsr olunan foto sərgiyə baxış keçiriblər.