25.02.2025
Masallıda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Masallı rayon Mədəniyyət Mərkəzi, MİHİ Masallı rayon komitəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rayon rəsmiləri, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzindəki tədbir öncəsi soyqırım qurbanlarının, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Viləş” uşaq bağçasının təqdimatında soyqırıma həsr edilmiş videoçarx izlənilib.
İki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova bəşəriyyətə, insanlığa qarşı yönəlmiş, dünyanın ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı hadisələrindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun və xalqın şücaəti nəticəsində 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdən danışaraq vurğulayıb ki; "İgid övladlarımızın qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad etdik, haqq-ədaləti bərpa etdik. Ali Baş Komandanımızın 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi...”
Daha sonra Masallı Xalq Teatrının həvəskar aktyorları, kollec tələbələri və Kürdəbaz, Qarğalıq yaradıcılıq klubu üzvlərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunan “Qisası indiyə saxlamışdıq biz” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Yekunda tədbirin hazırlanmasında fəallıq göstərənlərə şəhid anası Ziba Əsgərova tərəfindən “Cəsur qardaşlar” fəxri fərmanı təqdim edilib.