28.02.2025
Fevralın 28-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, Masallı Dövlət Rəsm Qalereyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə əməkdaşlığı ilə muzeydə 1 mart- Ümumdünya Mülkü Müdafiə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, təhlükəsizliklə bağlı yanğın , mühafizə orqanları işçiləri, gənclər və tələbələr iştirak edib.
İlk öncə vətənin azadlığı , suverenliyi uğrunda canından keçən və hər zaman təhlükəsizliyimizin keşiyində dayanan müdafiə sistemində çalışaraq dünyasını dəyişən bütün döyüşçülərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 1 mart- Ümumdünya Mülkü Müdafiə Günü ilə bağlı məlumat verərək bu səpkidə insanların maariflənməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətinin vacibliyini xüsusi vurğulayıb.
Sonra Masallı Rayon Dövlət Yanğından Mühafizə hissəsinin 104 saylı Yanğın Bölməsinin rəisi, daxili xidmət mayoru Ceyhun Səfərov mövzu ilə bağlı geniş məruzə edərək Mülkü Müdafiə, insanların təhlükəsizliyinin təmin və qorunması, eyni zamanda baş verə biləcək fövqəladə hallar zamanı onların qarşısının alınması ilə bağlı ilkin tədbirlər haqqında ətraflı danışaraq təhlükəsizliyin öncədən təmin olunması fonunda tövsiyələr verib.
Daha sonra çıxış edən Muzeyin əməkdaşı Dilgüşə Məmmədova, Mərkəzi Kitabxananın əməkdaşı Ağahüsen Hüseynli və Gənclər İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı üzrə nümayəndəsi Orxan Əliyev Mülkü Müdafiənin dinc dövr və müharibə zamanı xidməti öhdəlikləri, fiziki şəxslərin nəzəri və əməli cəhətdən təhlükəsizlik davranış qaydalarını öyrənmək və bütün hallarda təhlükəsizliyin bərqərar olması məqsədilə bu işdə gənclərin daha çox maarifləndirilməsi üstünlükləri barəsində danışlblar.