07.03.2025
Martın 7-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid anaları üçün 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq şəhid analarını təbrik edib. Onların hər birinin müqəddəs amalın daşıyıcısı olduğunu vurğulayıb. O, qeyd edib ki, bu gün təkcə qadınların bayramı deyil, həm də Vətənin qəhrəman oğullarını yetişdirən analara ehtiram günüdür.
Sonra tədbir iştirakçıları Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər arasında şəhid anaları, şəhid Aqil Əkbərovun həyat yoldaşı Rəvayət Əkbərova, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şairə Xatirə Xatun, bəstəkar-musiqişünas Zəminə Taryelqızı, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin tərbiyə və təşkilati işlər üzrə direktor müavini Cəfər Fətullayev, Lənkəran rayonu Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbin direktoru Aynur Muradova yer alıblar.
Natiqlər bir daha qeyd ediblər ki, bu gün o anaların günüdür – Vətənin azadlığı naminə övladlarını qurban verən və qəlblərində ömürlük nisgil daşıyan anaların!
Daha sonra Lənkəran şəhər 5, 9 və 17 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər. Tanınmış müğənnilərin ifaları tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda şəhid anaları üçün 8 Mart münasibətilə tort kəsilərək xatirə şəkilləri çəkilib.