Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda caz-muğam üslubunun ulu banisi

13.03.2025

Martın 13-də Masallı rayon Mərkəzi Kitabxanasında bəstəkar, pianoçu və caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti Vaqif Mustafazadənin anadan olmasının 85illiyi münasibətilə " Azərbaycanda caz-muğam üslubunun ulu banisi" adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva Vaqif Mustafazadənin 16 mart 1940-cı ildə Bakı şəhərində, İçərişəhərdə anadan olduğunu və 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirdiyini qeyd edib. Gülər Piriyeva həmçinin bildirib ki, o dövrdə Vaqif Mustafazadə Bakı Musiqi Akademiyasına daxil olub və burada ilk məşhurluğunu qazanmağa başlayıb. O, klassik caz, blyuz və oynaq mahnılarla konsertlər verib, klublarda çıxış edib.

Sonra kitabxananın digər əməkdaşı Lətafət Əlirzayeva məruzə edərək Vaqif Mustafazadənin 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal-instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etdiyini qeyd edib. O, həmçinin beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olduğunu vurğulayıb. Məruzəçi əlavə edib ki, Vaqif Mustafazadə Azərbaycan musiqisinin muğamını klassik Amerikan caz musiqisi ilə birləşdirərək yeni bir üslub – caz-muğam yaratmışdır. Onun bu töhfəsi Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynamışdır.

Tədbirdə həmçinin qeyd olunub ki, 1982-ci ildə vəfat edən Vaqif Mustafazadə ölümündən sonra Azərbaycan dövləti tərəfindən mükafatlandırılıb və onun musiqi irsi bu gün də yüksək qiymətləndirilir. Vaqif Mustafazadə, Azərbaycan Muğam Caz Hərəkatının memarı olaraq, caz-muğam üslubunun inkişafında və yayılmasında əvəzsiz xidmətlər göstərib.