14.03.2025
Martın 14-də Masallı rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib.
Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan Şəmsurə Nəsirova, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb.
Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.