14.03.2025
Masallı Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Erkən nikahın fəsadları" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, GİKM-in Masallı bölməsinin rəhbəri Orxan Əliyev və Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova çıxış edərək erkən nikahın gənclərin təhsili, fiziki və psixoloji inkişafı, eləcə də gələcək həyat perspektivlərinə mənfi təsirlərindən danışıblar.
Dəyirmi masa dialoq formatında davam edib. Gənclər mövzu ilə bağlı öz fikirlərini bölüşüb, suallar verib və interaktiv şəkildə müzakirələrdə iştirak ediblər. Tədbirin sonunda erkən nikah probleminə həsr olunmuş maarifləndirici videçarx nümayiş olunub.
Qeyd edək ki, belə maarifləndirici tədbirlər cəmiyyətin sosial problemlərə daha həssas yanaşmasını təşviq edir və gənclərin bu sahədə məlumatlılığını artırır.