13.03.2025
Martın 13-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində mərkəzdə Şəhid polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, digər rəsmilər, Lənkəran rayonu T. Zamanov adına Ürgə kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, təhsil işçiləri, şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları öncə şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi daim hörmət və ehtiramla anılacaq, onların qəhrəmanlıq yolu gələcək nəsillərə nümunə olacaqdır. Sonra Mərkəzin rəsm studiyasının şagirdi tərəfindən çəkilmiş şəhid polkovnik-leytenant Mehman Şirvanovun
portretini şəhidin atasına təqdim olunub.
Tədbirdə şəhidin mənalı ömür yolunu əks etdirən film nümayiş edilib.
Tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, "Ölməz Qəhrəman" kitabının müəllifi Pərvanə Mehmanqızı, şairə Xatirə Xatun və şəhidin əmisi Maşallah Şirvanov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə şəhidlərimizin misilsiz qəhrəmanlıq göstərdiyini qeyd ediblər. Natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyərək bütün şəhidlərə Allahdan rəhmət diləyiblər.
Tədbirdə həmçinin yazıçı Pərvanə Mehmanqızının şəhid Mehman Şirvanova həsr etdiyi 'Ölməz Qəhrəman' kitabının təqdimatı da keçirilib. Müəllif kitabın yazılma səbəbindən, şəhidin qəhrəmanlıq yolunun oxuculara çatdırılmasının vacibliyindən danışıb. O, bildirib ki, bu kitab Mehman Şirvanovun şərəfli həyat yolunu və Vətən uğrunda fədakarlığını əbədiləşdirmək məqsədilə qələmə alınıb.
Tədbirdə tanınmış ifaçılar tərəfindən mahnılar, məktəblilər tərəfindən isə vətənpərvəlik mövzusunda şeirlər səsləndirilib.
Sonda şəhidin atası Mirəziz Şirvanov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.