15.03.2025
Martın 15-də Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-dramaturq Ağalar İdrisoğlunun anadan olmasının 75 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki, hələ yeniyətmə çağından bədii yaradıcılıq və jurnailstika ilə məşğul olan Ağalar İdrisoğlu istedadı və yaradıcılıq əzmi sayəsində böyük uğurlara imza atmış, insənətin inkişafına böyük töhfələr vermişdir.
Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova müasir Azərbaycan ədəbiyyatının və teatrının qabaqcıl simalarından biri olan Ağalar İdrisoğlunun məhsuldar və çoxcəhətli yaradıcılığından bəhs edən məruzə ilə çıxış edib.O, vurğulayıb ki, A.İdrisoğlu məktəb illərində yazdığı məqalələri və kiçik həcmli hekayələri ilə ədəbiyyatda ilk addımlarını atmışdır. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncənət İnstitutunu müvəffəqiyətlə bitirib Azərbaycanın bir sıra teatrlarında baş rejissor, bədii rəhbər və ssenarist kimi çalışmışdır. On altı pyes, iyirimidən artıq tamaşanın ssenari müəllifi, 150-dən artıq hekayə və 20-dən artıq kitabın yazarıdır. Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesini dilimizə tərcüməsi ilə incəsənət və mədəniyyət xəzinəsini zənginləşdirmişdir. 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar müsabiqəsinin qalibi olmuş, Osman Mirzəyev adına və “Qıızl Dərviş” mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ağalar İdrisoğlunun xidmətlərinə dövlət tərəfindən görə yüksək qiymət verilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə mükafatlandırılıb.