18.03.2025
Martın 18-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda həyata keçirilən "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq" adlı layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün "Keçmişdən Gələcəyə Novruz Ənənələri" adlı bayram şənliyi keçirilib.
Tədbirdə Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri və idarə heyəti, məktəb direktorları, müəllimlər, məktəblilər, valideynlər və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.
Daha sonra Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Tofiq Əsgərov çıxış edərək bildirib ki, Novruz bütün türk dünyasının ən əziz bayramlarından biridir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onlara isti münasibət göstərmək bizim ən ümdə vəzifələrimizdəndir. Hər bir uşağın təhsili, inkişafı və xoşbəxtliyi üçün cəmiyyət olaraq səylə çalışmalıyıq. Qoy Novruz bayramı hər evə bərəkət, hər ailəyə firavanlıq gətirsin.
Tədbir musiqi sədaları altında Novruz atributları olan Kosa və Keçəlin zarafatları, tanınmış müğənnilərin ifaları, Bahar qızının çıxışı, məktəblilərin təqdim etdiyi qədim xalq rəqsləri, şeirlər və səhnəciklərlə davam edib.
Tədbirdə həmçinin Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının şagirdlərinin, Lənkəran Peşə Təmayüllü Siniflərin və Lənkəran Şəhər 2 saylı Körpələr evi-uşaq bağçasının iştirakı ilə əl işlərindən ibarət sərgi təşkil olunub.
Sonda bayram tortu kəsilib, uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən bu şənlik onlara böyük sevinc bəxş edib.