03.04.2025
Aprelin 3-də Astara rayon Heydər Əliyev Mərkəzində anım gününə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Aprel döyüşləri qəhrəmanı Pənçəli Teymurov yaxın qohumları, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, Ş.Qasımov adına şəhər 4 saylı, A.Hüseynov adına Suparibağ, S.Vurğun adına Təngərüd, B.Rüstəmov adına Asxanakəran və Sipiyəpart kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan şəhid Pəncəli Teymurovun adı hər kəsə yaxşı tanışdır. Onu xüsusi təyinatlıların əfsanəsi də adlandırırlar. Elə bir qəhrəman idi ki, toy günündə hamı ona xoşbəxtlik diləyərkən, o, özünə Qarabağı azad etməyi və bu yolda şəhid olub üçrəngli bayrağımıza bükülərək dəfn edilməyi arzulayırdı. Pəncəli üç il sonra, ömrünün 35-ci baharında bu arzusuna çatır, Aprel döyüşlərində Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə yüksəlir.
Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Tədbirdə “Şəhid Pənçəli Teymurov ” qısa sənədli filmi nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.