03.04.2025
Aprelin 3-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun anım günü ilə əlaqədar “Qəhrəmanlıq dastanı yazan-Pəncəli Teymurov” adlı tədbir keçirilib.
Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova açaraq qeyd edib ki, Ömrünün 17 ilini Vətənə şərəflə xidmət edən, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı giziri Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində dünyaya göz açıb.Şanlı zəfərimizin başlanğıcı olan Aprel döyüşlərin üçüncü günündə son damla qanına qədər vuruşaraq qəhrəmancasına əbədiyyət adlı dünyasına qovuşub.Ölümsüz həyatı ilə milyonların qəlbinə köç edən Astaranın igid oğlu Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda”, İgidliyə görə” və digər medallara layiq görülüb.Vətən, torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar heç zaman ölmürlər.Qərinələr ötdükcə onların xatirəsi daha böyük ehtiramla yad olunur, həyat yolu gələcək nəsillərə örnək göstərilir.
Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Rəna Əskərova məruzə edib.
Sonda şagirdlər muzeyə ekskursiya ediblər.