03.04.2025
Aprelin 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi, Masallı Mərkəzi Kitabxana Sistemi və Ombudsman Cənub Regional Mərkəzinin birgə təşkilatçı ilə Aprel döyüşlərinin 9-cu il dönümü ilə əlaqədar “Zəfərin ilk qığılcımları" mövzusunda tədbir keçirilib.
Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin nümayəndələri, şəhid ailələri, qazilər, ehtiyatda olan hərbiçilər, din xadimləri, gənclər və mədəniyyət işçiləri iştirak edib.
İlk öncə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsi, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirərək həmin günlər Azərbaycan xalqının tarixində şanlı “Aprel döyüşləri” günü kimi yadda qaldığını söyləyib.
İki şəhid anası Ziba Əsgərli igid , qəhrəman oğulları Şəhid İntiqam və Nurlan qardaşlarının arzularından, Şəhid Aqil Məlikovun atası Qismət Məlikov isə övladının həyat və döyüş xatirələrindən danışıblar.
Sonra çıxış edənlər Aprel döyüşlərinin xalqın Prezidentimizin ətrafında sıx birliyinin ifadəsi, eləcə də Milli Ordumuzun zəfər yürüşü olduğunu vurğulayıblar.
Yekunda tədbir iştirakçıları aprel döyüşləri şəhidlərinin əşyalarından ibarət sərgiyə baxış keçiriblər.