04.04.2025
Aprelin 4-də Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Lerik şəhər İnternat tipli İnteqrasiya təlimli Gimnaziyanın şagirdləri üçün Aprel döyüşlərinin ildönümü münasibətilə "Aprel yüksəkliyi" sənədli filmi nümayiş olunub.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, ordumuzun şücaətindən, şəhidlərimizin qəhrəmanlığından bəhs edərək, Aprel döyüşlərinin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu vurğulayıb.
Daha sonra "Aprel yüksəkliyi" sənədli filmi şagirdlər tərəfindən böyük maraqla izlənilib. Film döyüşlərin gedişatını və hadisələrin strateji əhəmiyyətini əks etdirən kadrlarla zəngin olub. Film nümayişindən sonra şagirdlərə Aprel döyüşləri ilə bağlı suallar verilib və onlar müzakirələrdə fəal iştirak ediblər.
Qeyd edək ki, tədbirin əsas məqsədi 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətini vurğulamaq, qəhrəman şəhid və qazilərimizin xatirəsini yad etmək, həmçinin gənc nəslin vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verməkdir.