15.04.2025
Aprelin 15-də Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lerik Rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib. İlk öncə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək, Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyyətindən, humanist xarakterindən, qadınlara və gənclərə daim göstərdiyi diqqət və qayğıdan bəhs edib. Onun oftalmologiya sahəsində əldə etdiyi uğurlar, xüsusilə göz xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində apardığı tədqiqatlar yüksək qiymətləndirilib.
Kitabxananın əməkdaşı Xoşavaz Feyziyeva isə Zərifə Əliyeva ilə olan şəxsi xatirəsini bölüşərək, onun sadəliyindən, insanlara olan münasibətindən və əsl ziyalıya məxsus yüksək keyfiyyətlərindən söz açıb. O, Zərifə xanımın elmi biliklə yanaşı, mənəvi zənginliyə malik bir şəxsiyyət olduğunu vurğulayıb.