25.04.2025
Aprelin 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti və Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə muzeydə “Baramaçılıq və ipəkçiliyin inkişafında əsaslı dönüş” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi, ərazi nümayəndələri və barama istehsalçıları iştirak edib.
İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva baramaçılıq və ipəkçiliyin yaranma, inkişaf tarixilə yanaşı son illərdə Azərbaycanın regionlarında qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpasının kənd təsərrüfatının prioritet istiqamətlərindən birinə çevrilməsindən danışıb.
Sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Saleh Məmmədli, Kitabxananın əməkdaşı Günay Xəlilova, muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova çıxış edərək kənd təsərrüfatının ənənəvi, ixracyönümlü sahələrindən olan baramaçılıq və ipəkçiliyə dövlət dəstəyi, bu sahələrin iş metodu və davamlı inkişafından bəhs ediblər.
Daha sonra baramaçılıq barama istehsalı zamanı rastlaşdıqları problem və çətinliklərlə bağlı müzakirələr aparılıb.