Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Aşıqlar birliyinin üzvünə təşəkkürnamə təqdim olunub

28.04.2025

Aprelin 28-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Elxan Şindanlı ilə görüş keçirilib.

Görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.

Yekunda Aşıq Elxan Şindanlı mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”si təqdim olunub.

Qeyd edək ki, Aşıq Elxan Əliyev (Şindanlı) 40 ildən çoxdur ki, mədəniyyət sahəsində çalışmışdır. Elxan Əliyev 25 aprel 1958-ci ildə Astara rayonun Lovayın kəndində anadan olmuşdur. Orta məktəb illərində rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş, məktəbi bitirdikdən conra üç il müddətində ustad sənətkar Aşıq Pənahın yanında şagird kimi qalmış və aşıq sənətinin sirlərini öyrənmişdir. O, Şirvan aşıq məktəbinin davamçısı kimi ifası ilə diqqəti cəlb etmiş, bir sıra respublika və beynəlxalq tədbirlərdə iştirak etmişdir. 1988-ci ildə Rumıniyanın Borşa şəhərində, bir il sonra Gəncə şəhərində keçirilən Zaqafqaziya, Orta Asiya, Qazaxıstan və Azərbaycan Gənc Ozanlar festivalında, 1993-cü ildə Türkiyənin Gölcük şəhərində  IV Çevrə festivalında, 1995-ci ildə Türkiyənin Ankara şəhərində Uluslararası festivalda, 2003-cü ildə Rusiya Federasiyasının Dərbənd şəhərində “Narın qala” aşıqlar festivalında iştirak edərək diplom və qiymətli hədiyyələrə layiq görülmüşdür.

Aşıq Elxan Əliyev (Şindanlı) 2019-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində “Dağlılar” IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalında, eləcə də “Oxu, aşıq!” aşıq mahnısı festivalında çıxış edərək diplomlar, həmin ildə İranın Tehran şəhərində keçirilmiş aşıq Qəşəm Cəfəri adına aşıqların Beynəlxalq festivalında uğurla çıxış edərək festivalın xüsusi hədiyyəsi, diplom və pul mükafatına layiq görülmüşdür.

Eyni zamanda o, mədəniyyət sahəsində xidmətlərinə görə Rusiya Federasiyası Buryatiya Respublikasının Selenqa şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının  xüsusi döş nişanına layiq görülmüşdür.

Elxan Əliyev yaşadığı Sım kəndində Folklor evinin direktoru vəzifəsində işləməklə burada yaratdığı “Şindan” aşıqlar ansamblına rəhbərlik edir. Aşıq Elxan Əliyev Respublika Aşıqlar Birliyinin üzvü olmaqla Azərbaycan aşıqlarının IV və V qurultayının nümayəndəsi olmuşdur.