01.05.2025
Mayın 1-də Masallı Tarix-Diyarşünaslıq Muzeyini və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə keçirilən tədbirdə şəhid anaları, veteran və gənc qadınlar iştirak edib.
İlk öncə Ulu öndər Heydər Əliyevin eləcədə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövrlərində qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender tərkibli bir dövlət siyasəti formalaşmışdır.
Sonra Muzeyinin direktoru Əntiqə Tağıyeva məruzə edərək bildirdi ki, Ümummilli Liderin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadınların hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlardır. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var-qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar.
Tədbirdə Mehriban Əzizova, Nazənin Heydərzadə, Əzizə Əzizova, Nahidə Abdulova və başqaları çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.