01.05.2025
Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərancamına əsasən Seyid Əzim Şirvaninin 190 illik yubileyi ilə əlaqədar ”XIX əsr Azərbaycan şairi və maarifçisi-Seyid Əzim Şirvani” adlı tədbir keçirilib.
Tədbirdə Ərçivan qəsəbə 4 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin kiçik elmi işçisi Çiçək Axundova açaraq qeyd edib ki, klassik poeziya ənənələrini davam etdirən şairlərimizdən biri də XIX əsrdə yaşamış Seyid Əzim Şirvani olub. O, incə ruhlu, lirik, eyni zamanda satirik şeir nümunələri ilə yanaşı, həm də əxlaqi-tərbiyəvi əsərlər də yaradıb, geniş maarifçilik işi aparıb. Şairin ictimai mahiyyət daşıyan satiraları yaradıcılığında xüsusi yer tutur.
Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və digər bu kimi satiralarıdır. Seyid Əzim Şirvaninin zəngin bədii irsi yadigar qalıb. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Rəna Əskərova məruzə etdi.
Sonda şagirdlər muzeyə ekskursiya ediblər.