06.05.2025
Mayın 6-da Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafı ilə əlaqədar “Heydər Əliyev və ana dilimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova açaraq qeyd edib ki, Azərbaycan dilinin dövlət dili kimi inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində , dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Sonra mövzü ilə bağlı muzeyin fond mühafizəçisi Xəyalə Haqverdiyeva məruzə edib və şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.