21.05.2025
Mayın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Azad Vətən-Azad Söz” adlı insan hüquq və azadlığı mövzusunda tədbir keçirilib.
Tədbir Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi və Ş.Qurbanov adına şəhər klubunun birgə təşkilatçılığı ilə baş tutub. İdarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etdiyi tədbirin əsas məqsədi insan hüquq və azadlıqları sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il iyunun 18-də Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı qəbul olunub. Həmin tarixdən etibarən insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu dövlət proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması, beynəlxalq sazişlərə qoşulmaq, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və digər mühüm məsələlər əks olunub.
Tədbirin davamında çıxış edən Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qeyd etdi ki, regionda insan hüquqlarının müdafiəsi sahəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir və vətəndaş müraciətlərinə həssas yanaşılır. O, həmçinin regionda hüquqi maarifləndirmə işinin artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Lənkəran rayon İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayev, Lənkəran şəhər 1 saylı Mediasiya Təşkilatının müdiri Ramin Şükürov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev, Lənkəran şəhəri üzrə Təhsil Sektorunun müdiri Ağaməd Şəmmədov, Ş.Qurbanov adına şəhər klubunun müdiri Zöhrə Qasımzadə, Mədəniyyət işçiləri həmkarlar təşkilatının gənclərlə iş üzrə komissiya sədri İsmayıl Qafarov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.