22.05.2025
Mayın 22-də Masallı Tarix-Diyarşünaslıq Muzeyin, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektoru, Ombudsman Cənub Regional Mərkəzi, Masallı Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Hüququnu tanı- gələcəyini qur” mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, tələbə və gənclər iştirak edib.
İlk öncə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmətlə yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva insan hüquqları aylığı çərçivəsində keçirilən tədbirin əhəmiyyət və prioritet istiqamətlərindən danışıb.
Sonra Ombudsman Cənub Regional Mərkəzin direktoru Ziya İsmayılov mövzu ilə bağlı geniş mühazirə edərək qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başlayıb. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları ilə bağlı müddəalar təsbit olunub. İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Natiq yeniyetmələrə və gənclərə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifə və borclarını mükəmməl bilməyi tövsiyə edib.
Daha sonra çıxış edən Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov və əməkdaşı Günay Xəlilova bu gün İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkünsüzlüyü və İnsan hüquqlarının müdafiəsi sahəsində qarşıda duran əsas məsələlərdən biri olan müasir dünyada ikili standartlara qarşı mübarizədən söhbət açıblar.