23.05.2025
Mayın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Lənkəran -Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə sektorunun dəstəyi ilə “Azərbaycan tarixi” mövzusunda tarix dərsi keçirib.
N. Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin iştirak ilə keçirilən açıq tarix dərsi Azərbaycan tarixinin ilk müstəqillik dövrünü əhatə edib.
İlk öncə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi kimi cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərməsindən danışdı.
Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mühazirə edərək qeyd edib ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb. Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq vurğulamaq lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda.
Yekunda dərsdə iştirakçı olan şagirdlərlə mövzu ətrafında diskussiya aparıldıqdan sonra onların muzeyə ekskursiyası təşkil olunub.