26.05.2025
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Lənkəran şəhər Mədəniyyət Mərkəzi və Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin birgə təşkilatçılığı ilə mərkəzdə tədbir keçirilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.
Daha sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, konstitusiyada əksini tapan insan və vətəndaş hüquqları haqqında ətraflı məlumat verib.
Tədbirdə, həmçinin çıxış edənlər sırasında AYB üzvləri olan şairlər: Ağamir Cavad Xatirə Xatun, Xanlar Həmid, Salman Məmmədoğlu və şairə Əfsənə Sultan yer alıblar.
Tədbirdə Lənkəran şəhər Mədəniyyət Mərkəzi və tabe müəssisələrinin, həmçinin Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib.