27.05.2025
Mayın 27-də Ombudsman Cənub Regional Mərkəzinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə mərkəzdə 28 May-Müstəqilik günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin əməkdaşları, M.Ə.Sabir adına şəhər 1, Z.Bünyadov adına şəhər 2, M.F.Axundov adına Pensər kənd 1 və N.Əliyev adına Maşxan kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova geniş məruzə ilə çıxış edərək qeyd edib ki, 28 May Müstəqillik Günü-Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil bir respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir.
Sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məruzə ilə çıxış edib.
Daha sonra “28 May müstəqillik günü” mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.