Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yazıçı Müşfiq Malik Muğanlı Masallı rayon Mərkəzi Kitabxanasının qonağı olub

29.05.2025

Mayın 29-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı və publisist Müşfiq Malik Muğanlı Masallı rayon Mərkəzi Kitabxanasında olub.

Görüş zamanı o, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” adlı kitablarını kitabxana fonduna təqdim edib.

Masallı rayon MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov qonağı salamlayaraq belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, Müşfiq Malik Muğanlının vətənpərvərlik mövzusunda yazdığı əsərlərin oxucular üçün dəyərli olduğunu bildirib.

Yazıçı Müşfiq Malik Muğanlı qəhrəman Vətən oğlu Mübariz İbrahimovun döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq nümunəsindən və bu şərəfli ömür yolunun gənc nəslə örnək olmasından danışıb. O, eyni zamanda, oxucuların ixtiyarına verdiyi kitabların ideyası, yazılma səbəbi və mövzuya yanaşma tərzi barədə fikirlərini bölüşüb.

Sonra kitabxananın əməkdaşları da çıxış edərək müəllifə təşəkkür edib, onun vətənpərvərlik ruhunda yazdığı əsərlərin cəmiyyət üçün əhəmiyyətindən danışıblar. Onlar belə görüşlərin oxucuların kitab və ədəbiyyata marağının artmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verdiyini vurğulayıblar.