30.05.2025
Mayın 30-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı altında “Şəhidlər vətənin zəfər rəmzidir “ mövzusunda tədbir keçirilib.
May ayında anım günləri olan şəhidlərin xatirəsinə həsr olunan maarifləndirici tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və tələbələr iştirak edib.
İlk öncə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbirin əhəmiyyətini vurğulayaraq, Birinci Qarabağ , Vətən Müharibəsinin gedişi zamanı qəhrəmanlıq və igidlik göstərən oğulların qısa lakın mənalı həyat və döyüş yolundan müfəssəl məlumat verib.
Sonra şəhid Əliyevin Rasimin anası Dilarə Əliyeva və şəhid Azər Musayevin həyat yoldaşı Xeyrənisə Musayeva şəhidlərlə bağlı öz xatirələrini danışaraq onlara göstərilən diqqətə və qayğıya görə dövlətimiz və xalqımıza dərin təşəkkürlərini ifadə ediblər.
Daha sonra Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova və Birinci Qarabağ və Vətən müharibəsi veteranı, ehtiyatda olan Zabitlər Konfederasiyasının Masallı rayon üzrə sədri Cəmaləddin Məmmədov çıxış edərək qeyd ediblər ki, həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında alındı. O cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında alan qəhrəmanlıq oğullar xalqımızın yaddaşına əbədi həkk olunublar.
Şəhid Qismət Bayramovun nəvəsi Rüqəyya balanın Şəhid babasına həsr olunan təsirli şerindən sonra tədbir iştirakçıları muzeyin şəhidlərə aid bölməsinə ekskursiya edərək xatirə şəkilləri çəkdiriblər.