01.06.2025
İyunun 1-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Balaca qəlblərə böyük sevinclər” adlı viktorina keçirilib.
Tədbirdə ADA Universitetinin tələbələri, şəhid övladları və uşaq evinin sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadə uşaqları bayram münasibətilə təbrik edərək, belə tədbirlərin uşaqlarda vətənpərvərlik ruhunun və bilik marağının formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Keçirilən viktorina yalnız bilik və intellektual bacarıqların yoxlanılması ilə kifayətlənməyib, müxtəlif sosial təbəqələrdən olan uşaqlar arasında ünsiyyətin, qarşılıqlı anlayışın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edib.
Tədbir çərçivəsində körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında təqdim olunan rəngarəng rəqs kompozisiyaları tədbirə xüsusi rəng qatıb.
Tədbirdə, həmçinin Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbin 40 il əvvəlki məzunları da iştirak edərək uşaqlara öz hədiyyələrini təqdim ediblər.
Tədbirin sonunda bütün iştirakçılar ADA Universiteti tərəfindən sertifikatlar və qiymətli hədiyyələrlə təltif olunub.