31.05.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində tanınmış bəstəkar Zəminə Taryelqızının 55 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova bəstəkar Zəminə Taryelqızının yaradıcılığı haqqında danışaraq vurğulayıb ki, Zəminə xanımın əsərlərində Vətənə məhəbbət, mənəvi dəyərlər və klassik musiqi ruhu xüsusi yer tutur.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının Cənub bölgəsi üzrə Lənkəran təşkilatının sədri, bəstəkar, musiqi tərtibatçısı, aktyor, Azərbaycan, Fransız, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişinin müəllifi Azad Zahid, Xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşova, AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Yədulla Ağazadə, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev bəstəkar Zəminə Taryelqızının sənət yolundan danışaraq onun milli musiqi xəzinəsinə verdiyi töhfələri yüksək dəyərləndiriblər.
Natiqlər vurğulayıblar ki, Zəminə xanımın əsərləri öz səmimiyyəti, melodik ahəngi və bənzərsiz ifadə tərzi ilə seçilir, dinləyicilərin qəlbinə yol tapmağı bacarır.
Sonra bəstəkarın musiqilərinə bəstələnmiş mahnılar səsləndirilib, həmçinin onun həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş olunub.