02.06.2025
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallıda təşkil edilən bayram tədbiri balaca iştirakçılar üçün unudulmaz və rəngarəng anlarla yadda qalıb.
Heydər Əliyev Mərkəzində baş tutan tədbir uşaqlar üçün əsl əyləncə dünyasına çevrilib Bayramın xüsusi qonaqları olan məşhur cizgi film qəhrəmanları – Minion, Panda, eləcə də digər personajlar uşaqlarla birgə rəqs edərək, onların sevincinə sevinc qatıblar. Tədbirin ən maraqlı hissələrindən biri də “Köpük şou” olub. Balacalar nəhəng sabun köpüklərinin içində olmağın sehrini yaşayıb, səhnəyə çıxıb əyləncəyə qoşulublar.
Viləş Uşaq Bağçasının şagirdləri müxtəlif dünya ölkələrinin milli geyimlərini nümayiş etdirərək, yaradıcılıq bacarıqlarını, multikultural dəyərlərə hörmət hissini ön plana çəkiblər. Tədbir boyunca səsləndirilən şeirlər, musiqi nömrələri və rəngarəng ifalar zalda əsl bayram ab-havası yaradıb.
Tədbir çərçivəsində uşaqlar üçün kitab sərgisi də təşkil olunub. Məqsəd uşaqlar arasında mütaliə mədəniyyətini təşviq etmək və onların intellektual inkişafına dəstək olmaq olub.